Axtarış

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə nəzarət


12.1. Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar müvafiq qanunvericiliyə və bu Təlimatın tələblərinə riayət olunması işinə orqan rəisləri (nizami polis hissələrinin komandirləri) şəxsən nəzarət edir. Nəzarət katibliklər və müvafiq vəzifəli şəxslər vasitəsilə həyata keçirilir. Bu məqsədlə hər bir orqanda, hissədə və təhsil müəssisəsində vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işi üzrə daimi fəaliyyət göstərən komissiya yaradılır. Komissiyanın işi plan əsasında təşkil edilir və hər rüb vətəndaşların müraciətlərinə baxılması və qəbulunun vəziyyəti yoxlanılır. Komissiya materialların öyrənilməsi əsasında bu işin təkmilləşdirilməsi, habelə şikayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üzrə təkliflər hazırlayır.
12.2. İcraçı əməkdaşlar müraciətləri baxılması üçün tabeli orqanlara (hissələrə) göndərərkən onların həllinə mütəmadi nəzarət etməlidirlər.
12.3. Nəzarət həyata keçirilərkən müraciətdə qaldırılan məsələlərə vaxtında və tam baxılmasına, yoxlamanın obyektivliyinə, qəbul edilmiş qərarın əsaslılığına və qanuniliyinə, onların vaxtında yerinə yetirilməsinə və müraciət edənə yazılı cavab göndərilməsinə xüsusi diqqət yetirilməlidir.
12.4. Yuxarı dövlət orqanlarından müraciətlərə baxılmanın nəticəsi barədə məlumat verilməsi tələb olunduqda və ya müraciətə baxılmasının nəzarətə götürülməsi zəruri olduqda, müraciətlər nəzarətə götürülür. Bu halda qeydiyyat-nəzarət vərəqəsinin bütün nüsxələrinə və müraciətin üzərinə “Nəzarətdədir” ştampı (Təlimata 3 nömrəli əlavə) vurulur. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın elektron qaydada aparıldığı orqanlarda müraciətin nəzarətdə olması elektron informasiya sistemində müvafiq qeyd aparılmaqla göstərilir. 
12.5. Bu Təlimatın 5.9-cu, 8.7-ci, 8.8-ci və 10.25-ci bəndlərində göstərilən müraciətlərdən başqa, nəzarətə, bir qayda olaraq aşağıdakı müraciətlər götürülür:
12.5.1. cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması məsələlərinə dair;
12.5.2. daxili işlər orqanlarının fəaliyyətindəki çatışmazlıqlar haqqında;
12.5.3. daxili işlər orqanları əməkdaşları tərəfindən qanunçuluğun pozulması halları ilə əlaqədar.
12.6. Nəzarətə götürülmüş müraciətin vaxtında həll edilməsi mümkün olmadıqda, icraçı bu barədə nəzarəti həyata keçirən orqana (vəzifəli şəxsə) məruzə edir və baxılma müddətinin müəyyən edilmiş qaydada uzadılmasına dair vəsatət qaldırır. Müraciətə baxılma müddətinin uzadılması haqqında, müvafiq orqan və ya vəzifəli şəxs, həmçinin müraciət edən vaxtında məlumatlandırılmalıdır.
12.7. Nəzarətdə olan müraciətlərə baxılmasının nəticələri haqda yuxarı orqana təqdim edilən məlumatda aşağıdakılar öz əksini tapmalıdır:
12.7.1. müraciətdə göstərilən xüsusatların (məlumatların) yoxlanılması zamanı konkret olaraq müəyyən edilmiş məqamlar;
12.7.2. müraciət edən şəxsin qeyd etdiyi xüsusatların hansı əsaslarla sübut və ya təkzib olunması;
12.7.3. aşkar olunmuş pozuntu, çatışmazlıq və sui-istifadə halları ilə əlaqədar vətəndaşların qanuni hüquq və mənafelərinin bərpası, çatışmazlıqların aradan qaldırılması, həmçinin günahkar şəxslər barədə görülən tədbirlər;
12.7.4. müraciət edən şəxsə verilən rəsmi cavaba dair məlumatlar.
12.8. Vətəndaşın müraciətinə mahiyyəti üzrə baxıldıqdan və baxılma nəticəsində onun təmin edilməsi, qismən təmin edilməsi, rədd edilməsi, yaxud baxılmamış saxlanılması barədə qərarlardan biri qəbul edildikdə, vətəndaşa əsaslandırılmış cavab verildikdən sonra müraciət nəzarətdən çıxarılır. Nəzarətdən çıxarma haqqında qərar müraciəti nəzarətə götürmüş məsul şəxs tərəfindən qəbul edilir. 
12.9. Tabeçilikdə olan orqan, hissə və təhsil müəssisələrində vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin təşkili dərindən və hərtərəfli öyrənilir, mövcud çatışmazlıqların aradan qaldırılması üçün əməli köməklik göstərilir. Yoxlamaların nəticələri arayışda əks etdirilir. 
12.10. Vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyəti, eləcə də müraciətlərə baxılmasında yol verilmiş nöqsanlar (çatışmazlıqlar) aidiyyəti orqan, hissə və təhsil müəssisəsinin rəhbəri dinlənilməklə kollegiya iclaslarında, orqan rəhbəri yanında keçirilən əməliyyat müşavirəsində müzakirə olunur.
12.11. Daxili işlər orqanlarının xidməti fəaliyyəti qiymətləndirilərkən, mütləq qaydada vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyəti də nəzərə alınır.
Virtual Karabakh Karabakh Justice for khojaly