Axtarış

Müraciətə baxılması müddəti


8.1. Müraciət üzrə 3 iş günü müddətində aşağıda göstərilən qərarlardan biri qəbul edilməlidir:
8.1.1. müraciət baxılması üçün icraata qəbul edilir;
8.1.2. müraciət aidiyyəti üzrə baxılması üçün tabelikdə olan və ya başqa daxili işlər orqanlarına göndərilir;
8.1.3. əvvəllər daxil olmuş müraciətə əlavə edilir;
8.1.4. müraciət baxılmamış saxlanılır.
8.2. Müraciətdə qaldırılan məsələlər daxili işlər orqanlarının səlahiyyətinə aid olmadıqda, müraciət 3 iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərilir (şəxsi qəbul zamanı isə aidiyyəti orqana müraciət etmək hüququ vətəndaşa izah edilməlidir). Müraciətin digər daxili işlər orqanına və ya digər təşkilata göndərilməsi haqda müraciət müəllifinə məlumat verilir.
8.3. Müraciətdə irəli sürülən məsələlər daxili işlər orqanlarının səlahiyyəti ilə yanaşı, digər təşkilatların səlahiyyətinə də aid olduqda, müraciətin surəti 3 iş günündən gec olmayaraq həmin təşkilatlara göndərilir və bu barədə müraciət edənə məlumat verilir.
8.4. Müraciətdə göstərilən məsələlərin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərildikdə, həmin sorğuya 7 iş günündən gec olmayaraq cavab verilməlidir.
8.5. Müraciətlərə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətə isə ən geci 30 iş günü müddətində baxılır. Daxili işlər orqanının rəhbəri müraciətin baxılma müddətini qısalda bilər. 
8.6. Müraciətə baxılması üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldikdə, orqanın rəhbəri tərəfindən müraciətə baxılma müddəti müstəsna hallarda 30 iş günü uzadıla bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması yuxarı orqan tərəfindən nəzarətdə saxlandıqda isə həmin orqana rəsmi surətdə yazılı məlumat verilməlidir.
8.7. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
8.8. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının sorğu və müraciətlərinə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılır.
8.9. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq müvəkkil tərəfindən insan hüquqlarının pozulmasına dair şikayətin araşdırılması zamanı daxili işlər orqanının mülahizələri öyrənilə bilər. Həmin mülahizələr 10 iş günü müddətində müvəkkilə təqdim olunmalıdır.
8.10. Məlumatın verilməsi barədə müraciətə bu Təlimatın 8.5-8.7-ci bəndlərində göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə 24 saat keçənədək baxılmalıdır.
8.11. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət daxil olduqda daxili işlər orqanının rəhbəri tərəfindən müraciət üzrə təyin edilmiş xidməti yoxlama 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat orqan rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda, daxili işlər orqanının rəhbərinin bu müddəti daha 10 iş  günü uzatmaq hüququ vardır.
8.12. Müraciətin baxılıb həll olunma müddəti onun orqana daxil olduğu gündən müraciət edənə yazılı cavab göndərilən günədək hesablanır.
Virtual Karabakh Karabakh Justice for khojaly