Axtarış

Müraciətlərə baxılması qaydası


5.1. Daxili işlər orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətləri daxilində vətəndaşların müraciətlərinə baxarkən:

5.1.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər;

5.1.2. məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər;

5.1.3. müraciətlərə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;

5.1.4. müraciətlərlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər;

5.1.5. vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı, təkrar müraciətlərin verilməsi səbəbləri təhlil edilərək aradan qaldırılması üçün tədbirlər görməlidirlər.

5.2. Müraciətlərin yoxlanılmasına yüksək ixtisaslı mütəxəssislər, dövlət və ya yerli özünüidarəetmə orqanlarının nümayəndələri cəlb edilə bilərlər.

5.3. Müraciətin yoxlanılmasının nəticələri üzrə arayış, vətəndaşların qanuni hüquq və mənafelərinin pozulması, daxili işlər orqanlarının fəaliyyətində nöqsan və çatışmazlıqlar, vəzifəli şəxslərin vəzifədən sui-istifadə halları müəyyən edildikdə isə müvafiq rəy tərtib edilir. Rəydə vətəndaşların pozulmuş hüquq və mənafelərinin bərpa edilməsi, nöqsan və qüsurların aradan qaldırılması, həmçinin təqsirkar şəxslər barədə görülmüş və yaxud görülməli tədbirlər əks etdirilir. Rəy yoxlamanı keçirən şəxs tərəfindən imzalanır, bilavasitə rəis ilə razılaşdırıldıqdan sonra Nazirliyin aparatında müvafiq struktur qurumun rəisi, ərazi orqanlarında isə orqanın rəhbəri tərəfindən təsdiq edilir.

5.4. Müraciət üzrə vəzifəli şəxsin qəbul etdiyi qərarın vaxtında və düzgün yerinə yetirilməsi məqsədilə müvafiq struktur qurum tərəfindən bu iş nəzarətdə saxlanılaraq icrası təmin olunmalıdır.

5.5. Sahibkarlıq fəaliyyəti göstərən vətəndaşların öz sahibkarlıq fəaliyyəti ilə bağlı daxili işlər orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verdikləri təkrar müraciətlərinə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Əsasnamə”yə uyğun olaraq baxılır.

5.6. Vətəndaşın ilkin müraciətinə baxılma müddəti bitmədən həmin məsələ ilə bağlı daxil olmuş növbəti müraciətlər vahid cavab məktubu ilə cavablandırılır.

5.7. Daxili işlər orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə bu Təlimata müvafiq olaraq baxılır.

5.8. Daxili işlər orqanının rəhbəri korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

5.8.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə;

5.8.2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;

5.8.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə.

5.9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən, Nazirlər Kabinetindən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilindən (ombudsmandan) göndərilən müraciətlərin baxılması həmin orqanlar tərəfindən nəzarətdə saxlandıqda, müraciət daxili işlər orqanlarında xüsusi nəzarətə götürülür.

5.10. Qəzet, televiziya, radio redaksiyalarından, başqa kütləvi informasiya vasitələrindən daxil olan müraciətlərə, habelə araşdırılması zəruri olan dərc edilmiş materiallara bu Təlimatla nəzərdə tutulmuş qaydada baxılır.

5.11. Canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda daxili işlər orqanının həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır.

5.12. Vətəndaşların canlı yayımlanan teleradio proqramları zamanı edilən müraciətlərinin dərhal cavablandırılması mümkün olmadıqda müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Təlimata uyğun olaraq həyata keçirilir.

5.13. Vətəndaşların müraciətlərində qaldırılan məsələlər araşdırılıb qüvvədə olan qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görüldükdə və vətəndaşa (kollektiv müraciətlərdə müraciət edən şəxslərdən birinə) müvafiq əsaslandırılmış yazılı formada cavab verildikdə, o cümlədən aşağıdakı hallarda müraciətlər mahiyyəti üzrə baxılmış hesab edilir:

5.13.1. müraciət tam və ya qismən təmin edildikdə və daxili işlər orqanlarının səlahiyyətinə aid məsələlər üzrə müvafiq tədbirlər görüldükdə;

5.13.2. müraciətin təmin edilməsi mümkün olmadıqda və ya əvvəllər baxılmış müraciət üzrə qəbul olunmuş qərar təsdiq edildikdə;

5.13.3. müraciətdə qaldırılan məsələyə baxılması daxili işlər orqanlarının səlahiyyətinə aid olmadıqda onun həlli qaydaları ilə bağlı müraciət edənə aidiyyəti üzrə müraciət edilməli subyekt haqda məlumat verildikdə;

5.13.4. müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edildikdə.

5.14. Müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda, bu barədə müvafiq arayış tərtib edilir və həmin arayışın üzərində daxili işlər orqanının rəhbərinin “Baxılmamış saxlanılsın” dərkənarı yazılmaqla, müraciət kargüzarlıq xidmətində işə alınır. Müraciətin baxılmamış saxlanılmasına əsas verən hallar aradan qaldırıldıqda, daxili işlər orqanı ona baxılmanı təmin etməlidir. 

5.15. Vətəndaşın müraciətinə mahiyyəti üzrə baxıldıqdan və baxılma nəticəsində onun təmin edilməsi, qismən təmin edilməsi, rədd edilməsi və yaxud baxılmamış saxlanılması barədə qərarlardan biri qəbul edildikdə, vətəndaşa əsaslandırılmış cavab verildikdən sonra müraciət daxili işlər orqanının rəhbəri tərəfindən nəzarətdən çıxarılır. Əks halda, müraciətin nəzarətdən çıxarılmasına yol verilmir.

5.16. Daxili işlər orqanlarının vətəndaşların müraciətlərini yazılı (o cümlədən elektron) və şifahi cavablandırmaq hüququ vardır. 

5.17. Elektron müraciətlərə müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Elektron sənəd formasında göndərilən cavab məktubu elektron imza ilə təsdiq edilməlidir.

5.18. Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.

5.19. Müraciətə baxılma müddətinin axımı müraciətin katiblikdə (dəftərxanada) qeydiyyata alındığı gündən hesablanır. 

5.20. Vətəndaşların yazılı müraciətlərinə cavab məktubu icraçı tərəfindən hazırlanır. Müraciətə baxılmaya dair dərkənarda bir neçə icraçı olduqda, digər icraçılar müraciətə baxılma müddətinin bitməsinə ən geci 3 iş günü qalmış müraciətə baxılma ilə əlaqədar rəylərini yazılı və ya şifahi qaydada birinci icraçıya təqdim etməlidirlər. Bu zaman cavab məktubu birinci icraçı tərəfindən digər icraçılarla razılaşdırmaqla hazırlanır. Vətəndaşların yazılı müraciətlərinə cavab məktublarının mətni “Arial” 12 şrifti ilə A4 formatlı kağızda bir və ya bir yarım sətirarası intervalla yazılır və daxili işlər orqanının blankında çap olunur. 

5.21. Vətəndaşın müraciətinin şifahi formada cavablandırılması bu Təlimatın 10.19-cu və 10.21-ci bəndlərinə uyğun olaraq həyata keçirilir.

5.22. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubu - Nazirliyin aparatında müvafiq struktur qurumun, yerlərdə isə şəhər, rayon, nəqliyyatda polis orqanlarının və ərazi polis bölmələrinin rəisləri, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq prosessual qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər tərəfindən imzalanır. Cavab məktubunu imzalamalı olan həmin vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, müraciəti onun səlahiyyətlərini icra edən şəxs imzalayır. Müraciətə dövlət dilində cavab verilir. Vətəndaşın müraciəti ilə bağlı cavab məktubu xarici ölkə ərazisinə göndərildikdə, daxili işlər orqanının dövlət dilində yazılmış cavab məktubuna müraciətin daxil olduğu xarici dilə qeyri-rəsmi tərcüməsini əlavə etmək hüququ vardır. 

5.23. İxtisaslaşmış təhqiqat qurumunun əməkdaşı qəbul etdiyi prosessual qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.2-ci maddəsinə və “Təhqiqat işinin təşkilinə dair Təlimat”ın 2.4.4-cü yarımbəndinə əsasən imzaladığı müşayiətedici məktubla şikayətçiyə və prokurora göndərir.

5.24. Yuxarı dövlət orqanlarından - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən, Nazirlər Kabinetindən və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilindən (ombudsmandan) baxılmanın nəticəsi barədə məlumat vermək tələbi ilə daxil olan müraciətlərə dair cavab məktubları yalnız Nazirliyin rəhbərliyi tərəfindən imzalanır.

5.25. Nazirliyin tabeliyində olan orqan və hissələrə digər dövlət qurumlarından birbaşa daxil olmuş müraciətlərə həmin orqan və hissələrin rəhbərləri tərəfindən cavab məktubları imzalana bilər.

5.26. Müraciətə baxılmasına dair vətəndaşa göndərilən cavab məktubu müvafiq struktur qurumun və ya orqanın blankında çap edilir. Cavab məktubunun mətni sadə və aydın dildə yazılmalı, struktur qurumların və orqanların qısaldılmış adlarından (DİN, FHN, BCAİ, BİsTİ, BİTİ və s.) mümkün qədər istifadə olunmamalıdır. Qanunvericilik aktlarının müvafiq maddələrinə istinad edildikdə, onların qısa məzmunu və ya izahı verilməlidir. Cavab məktublarında səhvlərə və düzəlişlərə yol verilməməlidir.

5.27. Kollektiv müraciətlərə cavab məktubu onları imzalamış birinci şəxsin adına və ünvanına göndərilir və məktubda “kollektiv müraciətə baxılması” xüsusi qeyd olunur.

Virtual Karabakh Karabakh Justice for khojaly