Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

2021-ci ilin 1-ci yarımili üzrə təhlil


2021-ci ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil


Azərbaycan Respublikası cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin təmin edilməsinin vəziyyəti baxımından ictimai təhlükəsizliyin və əmin-amanlığın yüksək səviyyədə olduğu dövlət imicini bu gün də qoruyub saxlamaqdadır. Kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın strukturu və dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşmışdır.     
Respublika üzrə baş vermiş 14928 cinayətdən 94,2 %-i və ya 14058-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu cinayətlərin 84,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır (11849), yalnız 15,7%-ni (2236) ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir. Əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə qeydə alınan qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin 5879-nun (2020-ci ili müvafiq dövrü ilə müqayisədə 1075 çox) açılması təmin edilmişdir. 
Qeydə alınmış cinayətlərin strukturunda 2660-ı (ötən ilin 1-ci yarısı ilə müqayisədə +39 fakt) şəxsiyyət əleyhinə, 5240-ı (+224) iqtisadi sahədə törədilən, onlardan 5026-ı (+175) mülkiyyət əleyhinə, 5688-i (+1160) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 453-ü (+19) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Cinayətlərin açılması yaxşılaşaraq 90,3 faiz təşkil etmişdir. O cümlədən  şəxsiyyət əleyhinə cinayətlərin (+2%), adam öldürməyə cəhdlərin (+11%), iqtisadi sahədə olan cinayətlərin (+12,8), onlardan mülkiyyət əleyhinə olan cinayətlərin (+13,4), soyğunçuluqların (+11,9%), quldurluqların (+3,8%), xuliqanlıqların (+3,8%) və dövlət hakimiyyəti əleyhinə olan cinayətlərin (+12,7%) açılması yaxşılaşmışdır. Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması yaxşılaşmaqla 85,2 faizə (+12,8%)  yüksəlmişdir.
Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 1,3% (-1), adam öldürməyə cəhdlər 11,1% (-4), mülkiyyət əleyhinə cinayətlərdən olan mənzil və şəxsi evlərdən oğurluqlar 28,5% (-336), cib oğurluqları 46,3% (-75), yol nəqliyyat hadisləri 12,6% (-133), xuliqanlıqlar 6,4% (-16) və əcnəbilər qarşı cinayətlər 40% (-27) azalmışdır. 
Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlərin sayında 16% (375-315) azalma müşahidə olunur.  
Qeyd olunmalıdır ki, zorakılığla bağlı törədilmiş cinayətlərin ümumi sayı 2828 təşkil edərək, ötən illə müqayisədə 189 fakt (-6.3%) azalmışdır. 
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlmişdir. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 4066 (+1281), o cümlədən onların satışı ilə bağlı 1428 (+515) fakt üzrə cinayətkarlardan ötən ilin 6 ayı ilə müqayisədə 776 kiloqram çox, bütövlükdə 1 ton 843 kiloqram narkotik vasitə götürülmüşdür. Həmçinin ümumi çəkisi 140 tondan çox olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir.
Bu növ cinayətləri törətmiş 2722 nəfərdən 2000-i əmək qabiliyyətli işləməyən və oxumayan, 964-ü əvvəllər cinayət törətmiş şəxs, 66-ı qadınlardır.
İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlər də qənaətbəxşdir. Hesabat dövründə 120 (+4) insan alveri cinayəti müəyyən edilmiş. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 10 (-12) nəfər məhkəmə məsulliyətinə verilmiş, insan alverinin qurbanı olmuş 57 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 207, o cümlədən 31 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmışdır. Məhkəmədən, istintaq və təhqiqat orqanlarından yayınan 2200 (+379), o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 248 (+7) təqsirləndirilən şəxs tutulmuşdur.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa elan edilmiş 37 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 21 şəxsin yeri müəyyən olunmuşdur. Bütövlükdə, axtarış işinin nəticələri 71% təşkil etmişdir.
Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 435 (-3), o cümlədən ağır və xüsusilə ağır cinayət törətmiş 126 (+23) kriminal qrup zərərsizləşdirilmişdir. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 (+24) nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmışdır. Müvafiq fəaliyyət çərçivəsində müxtəlif cinayətlər törətmiş 7740, 
o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1287 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir.

Paytaxt – Bakı şəhəri

Bakı şəhəri digər MDB ölkələrinin paytaxtları ilə müqayisədə ən təhlükəsiz şəhərlərdən biri sayılır.
Hazırda paytaxt əhalisinin sayı 3 milyona yaxındır (rəsmi qeydiyyatda olanlar).
Şəhərdə ictimai asayişin vəziyyətinə nəzarətin fasiləsiz həyata keçirilməsi “Təhlükəsiz şəhər” Sistemi tərəfindən təmin olunmuş, yol hərəkəti təhlükəsizliyi və qaydalarına riayət olunması yönümündə texniki nəzarət vasitələrinin tətbiqi genişləndirilmiş, yeni kameralar quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 6944-ə çatdırılmışdır. 
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmiş, xüsusilə respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirlərdə, o cümlədən Koronavirus COVİD-19 pandemiyası ilə bağlı ictimai asayişin və ictimai təhlükəsizliyin təmini sahəsində vəzifələr layiqincə yerinə yetirilmişdir.
2021-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikasında daxili işlər və prokurorluq orqanları tərəfindən qeydiyyata alınmış 14058 cinayətin 5992-si və ya 42,6%-i ölkə paytaxtı Bakı şəhərinin payına düşür.  
Qeydiyyata alınmış cinayətlərin 81,9%-ni az ağır və böyük ictimai təhlükə törətməyən, yalnız 17,9 %-ni ağır və xüsusilə ağır növlər təşkil edir. 
2020-ci illə müqayisədə ümumi cinayətlərin sayında +11.7 %, adam öldürməyə cəhdlər üzrə -2 dəfə, qəsdən sağlamlığa ağır zərər vurmalar üzrə -9.5 %, mülkiyyət əleyhinə olan cinayətlərdə -0,4%, onlardan oğurluqlarda -23,4%, mənzil və şəxsi evlərdən -35,2%, soyğunçuluq cinayətlərində -2,1 dəfə, quldurluq cinayətlərində -28,6%, dövlət hakimiyyəti əleyhinə cinayətlərdə -8,3%, insan alveri ilə bağlı cinayətlərdə isə -16,4% azalma dinamikası mövcuddur. 
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 81,2%-nin açılması təmin edilmişdir. Şəxsiyyət əleyhinə olan cinayətlərin 97,9%-i, onlardan zorlama cinayətlərindən 66,7%-i, qəsdən adam öldürmələrin 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98%-i açılmışdır.
Xarici vətəndaşlara qarşı törədilən cinayətlərin dinamikasında 34,6% azalma müşahidə olunmaqla, onların xüsusi çəkisi Bakı şəhəri üzrə cəmi 0,5 faiz olmuşdur. Araşdırılan bu növ 34 hüquqpozmadan 26-sı və ya 83,9%-nin açılması təmin edilmişdir. Həmin cinayətlərdən 30-u və ya 88,2%-i az ağır və böyük ictimai təhlükə törətməyən, o cümlədən 2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma faktlarından ibarətdir.  
Ailə münaqişəsi ilə bağlı törədilən cinayətlər 15,5% artaraq 283 fakt olsa da, qadınlara qarşı törədilmiş cinayət faktların sayı azalaraq 1231 (-103; -7,7 %) təşkil etmişdir. 
İctimai yerlərdə törədilən cinayətlər də 4,2% azalaraq 159 fakt (73-küçə, meydan, parkda) olmuşdur.
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 120, o cümlədən 22 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Aparılan əməliyyat tədbirləri ilə dövlət iqtisadiyyatına təhlükə yaradan 
8 saxta pul hazırlama və satma cinayət faktları aşkarlanmışdır.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılaraq, ağır və xüsusilə ağır cinayət törətdiyinə görə 135 təqsirləndirilən şəxs tutulmuşdur. 
 

                                          Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi




Çap et  Çap et