Axtarış

Nazir V.Eyvazov növbəti sıra baxışı keçirib

03.11.2021 17:35
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.  Yüksək mənəviyyata, iş keyfiyyətlərinə malik, bacarıqlı, fiziki cəhətdən sağlam gənclərin digər sahələrdə olduğu kimi daxili işlər orqanlarında da xidmətə qəbulu və irəli çəkilmələri DİN rəhbərliyi tərəfindən hər zaman diqqətdə saxlanılır.

 Noyabrın 3-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı da bunun bariz nümunəsidir.
Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 75 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin iştirakçıları olub. 

General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirrlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib. 

Virtual Karabakh Karabakh Justice for khojaly