Axtarış

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən

31.08.2020 12:35

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə  2020-ci il sentyabr ayının 30-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılmışdır.

Bu il Aşura mərasimi də xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən vətəndaşlarımız məsələyə anlayışla yanaşaraq Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə bütövlükdə əməl etmişlər. Yalnız bir neçə şəhər və rayonda insanların yoluxma riskini dəfələrlə artıran toplaşmağa cəhdlər qeydə alınmışdır ki, görülmüş tədbirlərlə həmin pozuntuların qarşısı alınmışdır.

Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müvafiq qadağaları məhz Aşura günündə dini mərasimlərin keçirilməsinə imkan verilməməsi ilə əlaqələndirməyə cəhdlər edilmişdir.

Bü cür məlumatların yanlış olduğunu xüsusi vurğulayaraq, eləcə də insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, xüsusi karantin rejimi dövründə istənilən toplantının, hətta Silahlı Qüvvələrə dəstək xarakterli kütləvi  aksiyanın keçirilməsi də yolverilməzdir. Tətbiq olunan məhdudiyyətlərin yeganə məqsədi isə – əhalinin sağlamlığının müdafiəsidir.  

Bir daha vətəndaşlarımızı koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni unutmamağa, bu sahədə  böyük və gərgin səylər bahasına əldə olunmuş müsbət nəticələri qorumağa, o cümlədən özünütəcrid qaydalarına riayət etməyə, sosial məsafəni gözləməyə, nəfəs yollarını qoruyan vasitələrdən daim istifadə etməyə çağırırıq.


Virtual Karabakh Karabakh Justice for khojaly