Axtarış

Müntəzəm verilən suallar



Sual:
Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün minimal yaş həddi neçədir?
Cavab: "Azərbaycan Respublikanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 11-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.


Sual: Daxili işlər orqanlarında orta rəis heyəti vəzifəsində xidmətə kimlər qəbul olunurlar?
Cavab: Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əsasən daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə ali hüquq təhsilli şəxslər müsabiqə yolu ilə qəbul edilirlər.
Vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqənin elan olunması barədə məlumat verilərkən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və müsabiqənin şərtlərinə uyğun gələn şəxslər müraciət edə bilərlər.
Daxili işlər orqanlarında xidmətə qəbul qaydaları və elan edilən müsabiqələr haqqında geniş məlumat Daxili İşlər Nazirliyinin /www.mia.gov.az/ internet səhifəsində yerləşdirilmişdir.


Sual: Təhsil müəssisəsində təhsil alan şəxs daxili işlər orqanlarında xidmətə qəbul oluna bilər?
Cavab: Daxili işlər orqanlarında xidmətə qəbul qaydalarına müvafiq olaraq təhsil müəssisələrində təhsil alan şəxslər, yalnız həmin təhsil müəssisəsini bitirdikdən sonra daxili işlər orqanlarında xidmətə qəbul oluna bilərlər. 


Sual: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsilə kimlər qəbul oluna bilər?
Cavab: Xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi DİN-in Polis Akademiyasında təhsil ala bilər:
- Daxili işlər orqanlarında xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar;
- Respublikanın digər hüquq mühafizə orqanlarının müraciəti ilə, qarşılıqlı müqavilə əsasında  həmin orqanlarda xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar;
- Tam orta təhsilli və ya buraxılış siniflərində təhsil alan 16 yaşdan 18 yaşadək, boyu 165 sm olan (qızlar üçün 160 sm), müvafiq ilin yanvar, aprel və iyul aylarında həqiqi hərbi xidmətə çağrışçı olmayan Azərbaycan Respublikasının vətəndaşları.


Sual:
Digər ali təhsil müəssisələrinin tələbələri DİN-in Polis Akademiyasında təhsilini davam etdirmək üçün köçürülə bilərmi?
Cavab: DİN-in Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsi olduğu üçün digər ali təhsil müəssisələrinin tələbələrinin akademiyaya köçürülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.


Sual: Respublikanın və ya xarici ölkələrin ali təhsil müəssisələrinin tələbələri polis  orqanlarında təcrübə keçə bilərmi?
Cavab: Xeyr, polisdə xidmət dövlət qulluğunun xüsusi növü olduğu üçün qanunvericilikdə yalnız DİN-in Polis Akademiyasının kursant və dinləyicilərinin polis orqanlarında təcrübə keçməsi nəzərdə tutulmuşdur.
 

Sual: "Mövcud cərimə balları", "cərimələr və onların ödənilməsi" ilə bağlı məlumatları necə əldə etmək olar?
Cavab: Hər bir şəxsin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barəsində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı sürücülük vəsiqəsinin və ya idarə etdiyi nəqliyyat vasitəsinin revizitlərini daxil etməklə məlumat ala bilməsi üçün həmin məlumatlar qanunverijiliyin tələbinə uyğun olaraq Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatlarında yerləşdirilmişdir. 
Mia.gov.az, dyp.gov.az, e-xidmət.mia.gov.az saytlarına daxil olmaqla həmin məlumatları əldə edə bilərsiniz. 
 
Sual:  Yazılmış protokollar üzrə cərmiləri internetdə necə ödəyə bilərəm?
Cavab: Qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edə, habelə internet üzərindən plastik kart vasitəsilə ödəmə apara bilərsiniz.


Sual: Yazılmış cəriməni ödəyə bilmirəm, olar ki cəriməni hissə-hissə 5-6 ay ərzində ödəyim? 
Cavab: Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.


Sual: Nəqliyyat vasitəsinin təkrar qeydiyyatla bağlı hansı şərtlər var?
Cavab: Qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli 4.1 bəndinə əsasən nəqliyyat vasitələrinin təkrar qeydiyyata aşağıdakı hallarda alınır:
- fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;
- nəqliyyat vasitəsinin sahibi dəyişildikdə;
- sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;
- avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişildikdə.
 Eyni zamanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin və 1 saylı əlavənin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır.
Məlumat üçün nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2. maddəsində nəqliyyat vasitələrində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə 150 manat miqdarında cərimə nəzərdə tutulmuşdur.


Sual: Nəqliyyat vasitəsində loqotiplərin yerləşdirilməsi ilə bağlı hansı qaydalar mövcuddur?
Cavab: 2015-ci il 15 may tarixli "Reklam haqqında" Qanunun 25.5-ci maddəsinin tələbinə görə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur.
Bu səbəbdən avtomobillərinizdə loqotiplərin (əgər fərqləndirici nişan sayılarsa) hansı formada yerləşəcəyi barədə məlumatı (şəkilləri sxemləri) Baş DYP İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinə təqdim etdiyiniz təqdirdə xahişinizə konkret cavab verilə bilər.


Sual: Nəqliyyat vasitəsinin şinlərinin ölçülərinin dəyişdirilməsi necə tənzimlənir?
Cavab: Avtomobildə şinlərin ölçüləri avtomobilin markasından, modelindən və istehsal ilindən asılı olaraq, istehsalçı zavod tərəfindən təyin edilmiş tələblərə uyğun olmalıdır. 
Eyni zamanda nəzərinizə çatdırırırq ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1 saylı əlavəsinin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinə normativ-texniki sənədlərdə nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır. Avtomobillərdə həmin dəyişikliklər təhlükəsizlik baxımından yalnız istehsalçı zavod tərəfindən quraşdırıla bilər. 


Sual: Nəqliyyat vasitəsində işıq cihazlarının dəyişdirilməsi necə tənzimlənir?
Cavab: Nəqliyyat vasitələri və onların hər bir ehtiyyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq "təhlükəli hərəkət mənbəyi" hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur.Araşdırmalar göstərir ki, "Led" tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyildir.


Sual: Nəqliyyat vasitəsinin texniki baxışdan keçmə qaydaları necə tənzimlənir?
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanunun 30-cu maddəsinin VI bəndinin tələblərinə uyğun olaraq, minik avtomobilləri istehsal olduğu vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, - istehsal olunduğu vaxtdan on il keçdikdə - ildə bir dəfə avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşinması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduğu vaxtdan ildə bir dəfə dövlət texniki baxışa təqdim olunmalıdır. 
Eyni zamanda məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanununa 29 iyun 2018-ci il tarixdə 1220-VQD nömrəli əlavə və dəyişikliklər edilmişdir. Belə ki, bu Qanunun 30-cu maddəsinin VI hissəsinə əsasən «Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur».
Yeni qanunvericiliyə əsasən texniki baxış zamanı avtomobilinizi saz vəziyyətdə texniki müayinədən keçirib və barənizdə qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş cərimələr ödənildikdə, icbari sığorta şəhadətnaməsini və 20 manat dövlət rüsumunun qəbzini təqdim olunması nəzərdə tutulmuşdur.
 

Sual: Mənim ölkədən çıxışıma stop qoyulub. Daxili Işlər Nazirliyinə də müraciət etmişəm. Ədliyyə orqanlarında hec bir borcum yoxdur, bunu mən necə öyrənə bilərəm kimlər tərəfindən qoyulub və səbəb nədir? Zəhmət olmasa, bu haqda mənə bir məlumat verərdiniz.
Cavab:Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmış axtarışda olan mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslər (borclular) barədə məlumatı  www.mia.gov.az  saytından əldə edə bilərsiniz.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9-cu maddəsində göstərilmiş hallara əsasən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın alınmasına dair Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.



Sual: Xarici pasport verilərkən Beynəlxalq Aviasiya şirkətinin tələbləri nəzərə alınırmı? Əyər elədirsə bəs nə üçün hicablı şəkil çəkilməsinə icazə verilmir? (İCAO) 9303, bölmə 3.9 -da bu barədə ətraflı məlumat verilə-verilə bu qaydalar kobud şəkildə pozur.
Cavab: Ümumvətəndaş pasportlarının spesifikasiyası, məlumatların daxil edilmə və yazılma qaydası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədinin tələb və tövsiyələri ilə müəyyən olunur.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədinin 3.9 bəndində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir.
Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, ümumvətəndaş pasportunun alınması üçün hər hansı baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir.


Sual: Mənim 25 yaşım var, şəxsiyyət vəsiqəmin etibarlılıq müddəti bu il bitdi və mən şəxsiyyət vəsiqəmi yenisiylə əvəz edərkən soyadımın sonluğunu da (Həsənov-Həsənzadə) dəyişmək istəyirəm,  lakin mən biometrik xarici pasport almışam və orada “Həsənov” kimi qeyd olunub. Əgər soyadımın sonluğu dəyişərsə xarici passportumun aqibəti necə olacaq, yenilənməlidir?
Cavab: Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.11 bəndinin tələbinə əsasən vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə ümumvətəndaş pasportu dəyişdirilməlidir.


Sual: Rayon qeydiyyatında olan şəxs Bakı şəhərində şəxsiyyət vəsiqəsi ala bilərmi?
Cavab: Bildiririk ki, vətəndaş şəxsiyyət vəsiqəsini almaq və ya dəyişdirmək üçün qeydiyyatda olduğu ərazi üzrə polis orqanına və ya “ASAN xidmət” mərkəzinə müraciət etməlidir. 


Sual: Yaşadığım evin hüquqi sənədi yoxdur. Bu evə qeydiyyata düşə bilərəmmi?
Cavab: Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün digər zəruri sənədlərlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. 


Sual: Şəxsiyyət vəsiqəsi üçün başı örtülü şəkil çəkdirmək olarmı?
Cavab: “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.10-cu maddəsinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun (başı açıq) fotoşəkli çəkilməlidir.


Sual: Mülkiyyətimdə olan evdə (mənzildə) qeydiyyatda olan şəxsləri qeydiyyatdan çıxarmaq üçün nə etməliyəm?
Cavab: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəməyə aidiyyəti üzrə müraciət etməlisiniz.


Sual: Yaşayış yerini müvəqqəti dəyişən şəxs nə etməlidir?
Cavab: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində dövlət orqanına müraciət etməli və dərhal qeydiyyata alınmalıdır.
Virtual Karabakh Karabakh Justice for khojaly